Mart soyqırımı ilə bağlı yeni faktlar və sənədlər toplanıb
  • HADİSƏ

  • 16:20 30 Mart 2022

Mart soyqırımı ilə bağlı yeni faktlar və sənədlər toplanıb

“Soyqırımı ilə bağlı ötən illər ərzində aparılan araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanıb”.

APA xəbər verir ki, bunu Baş prokurorun birinci müavini Elçin Məmmədov Qubada YAP-ın təşkilatçılığı ilə “Soyqırımı: Ümumbəşəri cinayətlər kontekstindən yeni baxış” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

O bildirib ki, bu faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş, faciə qurbanlarının sayının isə qat-qat çox olduğunu sübut edir.

Elçin Məmmədov vurğulayıb ki, bu dəhşətli hadisə miqyasına və amansızlığına görə, təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir: “Həmin günlərdə azğınlaşan erməni qüvvələri Bakı, Quba, Şamaxı, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar, etnik təmizləmələr həyata keçirib.

Dinc sakinlər etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri dağıdılıb, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilib. 50 mindən çox sakin erməni faşizminin qurbanı olub”.

Baş prokurorun birinci müavini qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ermənilərin törətdikləri bu ağır cinayətlərin araşdırılması üçün fövqəladə istintaq komissiyası yaradıb. “Komissiyanın üzə çıxardığı həqiqətlərin xalqın yaddaşına həkk etmək və dünya ictimaiyyətinə çatdırılması üçün bir sıra tədbirlər görülüb. Lakin Cümhuriyyətin süqutundan sonra bu proses dayandırılıb. Baş verənlərin sona qədər tədqiq edilməsi və ona siyasi–hüquqi qiymət verilməsinin qarşısı alınıb. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini ortaya qoymaq imkanı yaranıb. Uzun illər gizli saxlanılan və üzərinə qadağa qoyulmuş həqiqətlər bir-bir açılmağa başlayıb. Məlum hadisələrdən yalnız 80 il sonra 1998-ci ildə mart ayının 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı Azərbaycanlıların Soyqırımı haqqında Prezident Fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilib və 31 mart - Azərbaycanlıların Soyqırımı Günü elan olunub”.

O xatırladıb ki, 1918-ci ilin mart-aprel aylarında Quba qəzasında kütləvi məzarlıqla bağlı daha ətraflı istintaqın aparılması məqsədilə, habelə Neftçala rayonunun Dirovdağ və Qubanın İspik kəndi yaxınlığında meşəlik ərazidə aşkar edilən insanların dəhşətli şəkildə həlak olması əlamətləri üzrə 26 may 2010-cu il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

“Həmin dövrdə Baş prokurorun qərarına əsasən, peşəkar müstəntiqlərin iştirakı ilə istintaq qrupu yaradılıb. İş üzrə çox saylı şəxslər, hadisələrin bilavasitə şahidi olan və yaxud zərərçəkmiş şəxslərin yaxın qohumları müəyyən edilərək dindirilib. Azərbaycan Respublikası Tarix, Arxeologiya və Etnoqrafiya institutlarına, Milli Arxiv İdarəsinə, mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, ictimai və dini təşkilatlara sorğular göndərilib, kompleks məhkəmə-tibbi, kriminalistika, antropoloji və s. ekspertizalar təyin edilərək rəylər alınıb. Erməni milliyyətçilərinin silahlı basqınlarının izlərini özündə saxlayan maddi sübutlar aşkar edilərək müayinə olunub. Onların əmlaklarının talan edilməsinin Şaumyan, Bakı Sovetinin hərbi inqilabi komitəsinə rəhbərlik edən Karqanov, Bakı Xalq Komissarları Sovetinin təşkil etdiyi ordu briqadasının komandirləri olan Amazaps, korpus komandiri polkovnik Kazaryan, Lalayan və digər erməni millətçiləri tərəfindən milli mənsubiyyət faktoruna əsasən həyata keçirilmiş soyqırımı cinayəti olması sübuta yetirilib”, - Elçin Məmmədov əlavə edib.

Baş prokurorun birinci müavini Qubada kütləvi insan məzarlıqlarının tapılması faktı ilə bağlı hadisə yerinə baxış keçirilərkən bir-birinin üzərində səliqəsiz, qalaqlanaraq bir yerdə basdırılan çox sayda insan skeletlərinin, kəllə, omba, çanaq, qabırğa, ətraf və digər orqanlarının sümükləri aşkar edildiyini vurğulayıb: “İstintaq nəticəsində məzarlıqda müxtəlif yaş qruplarına aid 400-dən artıq insan cəsədinin qalıqlarının olduğu müəyyən edilib. Onlardan 50-dən çoxunun uşaqlara, 100-dən çoxunun qadınlara, qalanlarının isə yaşlı kişilərə aid olduğu müəyyənləşdirilib. Həmçinin araşdırma zamanı məzarlıqda azərbaycanlılarla yanaşı, Qubada yaşayan digər etnik nümayəndələrin də amansızlıqla qətlə yetirilib basdırıldığı aydınlaşıb. İstintaq zamanı ölümə səbəb ola biləcək xəstəlik əlamətlərinin aşkar edilməməsi, sümük qalıqlarına aid şəxslərin dəfn, əxlaq, mənəvi qaydalara zidd olaraq kütləvi şəkildə quyulanması, zorakılıq əlamətlərinin olduğu, bilavasitə işgəncə xarakteri olması, ölümün başvermə müddətinin isə 1918-ci ilə uyğun gəldiyi qeyd olunub. 1918-ci ildə hadisələri nəticəsində yaxın qohumları qətlə yetirilən Səfiyə Rzayevanın ifadəsi alınmaqla, Bakı şəhəri Ramanı qəsəbəsində yerləşən evində də ermənilər tərəfindən atılan güllələrin izlərinin müəyyən edilməsi və fotolarının çəkilməsi təmin olunub”.

Baş prokurorun birinci müavini prokurorluq orqanları tərəfindən, eləcə də digər dövlət qurumları, vətəndaş cəmiyyəti institutları ilə əlaqəli şəkildə erməni millətçi cinayətkar qrupları tərəfindən xalqımızın başına gətirilən müsibətlərin dünya ictimaiyyətinə çatdırılması və beynəlxalq hüquqi qiymətin alması üçün zəruri işlərin bundan sonra da davam etdiriləcəyi deyib.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR