Abşeron rayonunun Masazır qəsəbəsində silahlı insident baş verib.
ONA-nın yerli bürosunun məlumatına görə, silahlı insident ötən gün saat 17 radələrində qəsəbə ərazisindəki “Qəbələ” kafesində qeydə alınıb.
Əslən Samux rayonundan olan,”Yeni Bakı” yaşayış kompleksində yaşayan və oranın komendantı işləyən 1968-ci il təvəllüdlü Yusifov Ehtiram Ramiz oğlu ilə 3 nəfər arasında mübahisə düşüb. Tərəflər arasında ev alqı-satqısı üstündə mübahisə yaranıb.
E. Yusifov özü ilə gətirdiyi "Vinçester" markalı odlu silahdan 3 nəfərə atəş açıb və həmin şəxslər çoxsaylı qırma yarası alıblar.
Hadisə zamanı 1994-cü il təvəllüdlü Kamran Qasımov, 1990-cı il təvəllüdlü Talıbov Məmməd və 1980-ci il təvəllüdlü Zaur Gəncəliyev müxtəlif xəsarətlərlə 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdiriliblər.
Hadisədən sonra E.Yusifov könüllü olaraq Abşeron rayon Prokurorluğuna gedib və təslim olub.
Faktla bağlı Abşeron rayon Prokurorluğunda araşdırma aparılır.