Maştağa sakininin maşınından odlu silah götürülüb.
DİN mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Maştağa qəsəbə sakini Rəhman Həsənov saxlanılıb.
Onun idarə etdiyi “Mercedes” markalı avtomobilin yük yerinə baxış zamanı 1 ədəd “Kalaşnikov” markalı avtomat silah, patron darağı və 26 ədəd patron aşkar edilərək maddi sübut kimi götürülüb. R.Həsənov ifadəsində odlu silah-sursatı bir müddət əvvəl dəniz kənarından tapdığını və həmin gündən bəri avtomobilində saxladığını bildirib.
Faktla bağlı R.Həsənov barəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.