• HADİSƏ

    12:01 6 mart 2019

Məhkəmə müğənninin qətldə təqsirləndirilən oğlunun cinayət işini geri qaytarıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Tuncay Vəliyev və Fərman Ocaqquliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.

ONA-nın xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə T. Vəliyevin vəkili Rəşad Mirmehdizadə bildirib ki, istintaq zamanı ciddi prosessual pozuntulara yol verilib: "İstintaq zamanı Tuncay Vəliyevin həbs qətimkan tədbirinin müddəti başa çatdığı halda prokurorluq işi tələm-tələsik məhkəməyə göndərib".

Vəkil deyib ki, təqsirləndirilən şəxsə şikayət vermək hüququ belə yaradılmayıb: "İttiham sadəcə söz yığınından ibarətdir. Pozuntuları aradan qaldırmaq üçün iş yenidən prokurorluğa qaytarılmalı və obyektiv şəkildə araşdırılmalıdır".

Digər təqsirləndirilən Fərman Ocaqquliyevin vəkili də oxşar vəsatətlə çıxış edib və işin yenidən prokurorluğa qaytarılmasını istəyib.

Məhkəmə müşavirədən sonra vəsatətlərlə bağlı qərarı elan edib. Qərara əsasən iş yenidən araşdırılması üçün prokurorluğa qaytarılıb.

Xatırladaq ki, ötən il iyunun 7-də Nəsimi rayonunda əvvəllər məhkum olunmuş Rəşad Hüseynov bıçaqla qətlə yetirilib. Qətli törətməkdə şübhəli bilinən Binəqədi qəsəbə sakini, əvvəllər məhkum olunmuş T.Vəliyev saxlanılıb. Onun yaşadığı evdən narkotik vasitə olan heroin və ambunika götürülüb. Məlum olub ki, R.Hüseynov taksi kimi fəaliyyət göstərdiyi avtomobilində öldürülüb.

İstintaq orqanı tərəfindən aparılan araşdırma zamanı qətlin daha bir iştirakçısı - F.Ocaqquliyev müəyyən edilərək saxlanılıb.

Xatırladaq ki, Tuncay Vəliyev mərhum müğənni Vidadi Bərdəlinin oğludur. T. Vəliyev bir müddət müğənni kimi fəaliyyət göstərib.

Teqlər:

SON XƏBƏRLƏR