Nəsimi Rayon Məhkəməsidə Qida Təhlükəsizliyi Agentliyinin həbsdə olan həkimi Xaspolad Mirimovun və agentliyin əməkdaşları – Əli Həsənov, Şamxal Nəbiyev, Cahangir Səlimov, Əlican Quliyev, Vasif Tağıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Vəkil Hafiz Ələsgərovun ONA-ya verdiyi xəbərə görə, hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən şəxslərin hər birinə şərti cəza verilib. Onlar məhkəmə iclas zalından azadlığa buraxılıblar.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 29, 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluğa cəhd), 29, 178.2.3-cü (qulluq mövqeyindən istifadə etməklə dələduzluğa cəhd), 29, 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluğa cəhd), 29, 200.2.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən istehlakçıları aldatmaya cəhd), 29, 200.2.3-cü (külli miqdarda ziyan vurmaqla istehlakçıları aldatmaya cəhd) və 308.1-ci (mühüm zərər vurma ilə nəticələnən vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunublar və barələrində həbs qətimkan tədbiri seçilib.