• HADİSƏ

    18:20 27 fevral 2019

Məhkəmə sistemindən kənarlaşdırılan hakimlərin sayı açıqlanıb

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.

ONA-nın xəbərinə görə, iclasda bildirilib ki, Şuranın fəaliyyət göstərdiyi 2005-ci ildən hakimlər barədə 250-dən çox intizam icraatı başlanılıb.

122 hakim qanunvericiliklə nəzərdə tutulmuş müxtəlif əsaslarla, o cümlədən 14 nəfər intizam qaydasında, 74 nəfər səlahiyyət müddəti bitdiyinə görə, 34 nəfər isə yaş həddinə çatması ilə əlaqədar səlahiyyət müddəti uzadılmayaraq məhkəmə sistemindən kənarlaşdırılıb.

2019-cu ildə 100-dən çox hakimin, o cümlədən Ali Məhkəmənin 22, apellyasiya məhkəmələrinin 38, birinci instansiya məhkəmələrinin isə 42 hakiminin fəaliyyətinin qiymətləndirilməsinin nəzərdə tutulduğu qeyd edilərək, tələbkarlığın, xüsusilə məhkəmə sədrlərinin məsuliyyət hissinin artırılması üzrə konkret tapşırıqlar verilib.

Bildirilib ki, ötən il vətəndaşların haqlı narazılığını doğuran pozuntulara görə Şura tərəfindən 14 hakimin fəaliyyəti qanunvericiliklə nəzərdə tutulmuş qaydada qeyri-məqbul qiymətləndirilməklə səlahiyyətlərinə xitam verilib, habelə 4 məhkəmə sədri aşağı işə keçirilib. 6 hakim intizam məsuliyyətinə cəlb edilib, 2 nəfərin tutduğu vəzifədən azad edilməsi, 1 nəfərin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi barədə qərarlar qəbul olunub.

Fərid

Teqlər:

SON XƏBƏRLƏR