Bu gün Bakı Hərbi Məhkəməsində sabiq deputat Hüseyn Abdullayev, onun anası Zeynəb Abdullayeva, Həbib İbrahimov, Xalid Əliyev, Namiq Babayev, İntiqam Süleymanov, Pərviz Kazımov, Zaur Quliyev və Nazim Əliyevin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.
ONA-nın xəbərinə görə, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
Məlum olub ki, H.Abdullayevin anası Zeynəb Abdullayeva bacısının pasportu ilə bir neçə dəfə ölkədən çıxıb və sonra geri qayıdıb. İttihama görə, Dövlət Sərhəd Xidmətinin keçmiş əməkdaşları rüşvət müqabilində Z.Abdullayevanın başqasının pasportu ilə ölkəni tərk etməsinə şərait yaratmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə ediblər. H.Abdullayev də daxil olmaqla, təqsirləndirilən şəxslər elan olunmuş ittihamlar üzrə özlərini təqsirli bilməyiblər.
Sonra təqsirləndirilən Nazim Əliyev ifadə verib. O deyib ki, taksi fəaliyyəti göstərir və Z.Abdullayevanı da sərnişin kimi Balakənə aparıb: "Onun hansı məqsədlə getdiyini bilməmişəm".
Proses aprelin 18-də davam etdiriləcək.
Qeyd edək ki, cinayət işi üzrə Hüseyn Abdullayev və anası Zeynəb Abdullayevadan başqa Həbib İbrahimov, Xalid Əliyev, Namiq Babayev, İntiqam Süleymanov, Pərviz Kazımov, Zaur Quliyev və Nazim Əliyev də təqsirləndirilən şəxs qismində tanınıb. Onlar Cinayət Məcəlləsinin 178.3.1-ci (dələduzluq), 182.3.1-ci (hədə-qorxu ilə tələb etmə), 192.2.2; 192.2.3; 193-1.3.2 və 193-1.3.1-ci (qanunsuz sahibkarlıq), 213.2.2 və 213.2.1-ci (vergidən yayınma) 228.1-ci (qanunsuz silah saxlama), 312-1.2-ci (rüşvət vermə) 313-cü (vəzifə saxtakarlığı), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 326.1-ci (rəsmi sənədləri məhv etmə), 318.2-ci (qanunsuz sərhədi keçmə), 342.2-ci (qulluğa səhlənkarlıqla yanaşma); 341.2.3-cü (Hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə), 339.2-ci (Sərhəd xidməti qaydalarını pozma) maddələri ittiham olunur.
Xatırladaq ki, təqsirləndirilən H.Abdullayev Türkiyə Respublikası ərazisində tutularaq, 22 aprel 2018-ci il tarixdə Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarına təhvil verilib.