Bakıda ictimai nəqliyyatda cibgirlik edən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən ONA-ya verilən məlumata görə, Metropolitendə Polis Şöbəsinə müraciət edən Kürdəmir rayon sakini Q.Əzizova mayın 4-də metronun “28 May” stansiyasının platformasında çantasından içərisində pulu, bankomat kartları və sənədləri olan pulqabısının oğurlandığını bildirib. Metropolitendə Polis Şöbəsi və Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhər sakini, əvvəllər narkotiklərlə bağlı cinayətə görə məhkum olunmuş Eynulla Hüseynov saxlanılıb.
Digər bir faktla Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbiri nəticəsində isə aprelin 13-də metronun “28 May” stansiyasının platformasında Abşeron rayon sakini M.Mirzəyevin mobil telefonunu oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Mehdi Cəfərov saxlanılıb. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun aprelin 22-də “28 May” stansiyasının platformasında Abşeron rayon sakini S.Nəbizadənin cibindən mobil telefonunu oğurlaması da müəyyən edilib.
Faktlarla bağlı araşdırmalar aparılır.