Moskva Şəhər Dumasında Rusiyanın və Azərbaycanın əməkdar rəssamı Əsgər Məmmədovun “Nar dalğaları” adlı fərdi sərgisi açılıb.
APA-nın Moskva bürosunun verdiyi məlumata görə, sərgidə rəssamın Azərbaycan və Rusiya, Qarabağ, Bakı mənzərələri və digər mövzularda çəkdiyi peyzajlar, natürmortlar, portretlər toplanıb.
Sərginin açılışında çıxış edən Moskva Şəhər Dumasının sədri Aleksey Şapoşnikov Azərbaycanlı rəssamın əsərlərinin Moskva Şəhər Dumasında nümayiş olunmasını əlamətdar hadisə adlandırıb. İki ölkə arasındakı münasibətlərdən danışan A.Şapoşnikov Rusiya ilə Azərbaycanı mehriban dostluq əlaqələrinin birləşdirdiyini və bu münasibətlərin bundan sonra da möhkəmlənəcəyini söyləyib.
.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu isə çıxışında Əsgər Məmmədovu fərdi sərgisinin açılması münasibəti ilə təbrik edib. Səfir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ müharibəsi zamanı Ə.Məmmədovun əsərlərinin saxlandığı ev muzeyinin yandığını və rəsmlərin məhv olduğunu xüsusi vurğulayıb: “Lakin o, ruhdan düşməyib, işləyir və yeni əsərlər yaradır. Sərgidə gördüyünüz rəsmlərdə Vətən həsrəti hiss olunur. Əsgər Məmmədov doğma Vətəni Azərbaycanı, Qarabağı heç zaman yaddan çıxarmır”.
P.Bülbüloğlu A.Şapoşnikovu yenidən Moskva Şəhər Dumasının sədri seçilməsi münasibəti ilə təbrik edərək, ona fəaliyyətində uğurlar arzulayıb: “Moskva Şəhər Dumasının VII çağırış deputatlarını təbrik edirəm. Moskvada çoxlu sayda azərbaycanlı yaşayır və işləyir. Biz Rusiya paytaxtında baş verən hadisələrə biganə deyilik. Deputat korpusuna fəaliyyətlərində uğurlar arzu edirəm”.
Mərasimdə çıxış edən tarix elmləri namizədi Manaf Ağayev, Rusiyanın Əməkdar Rəssamı Pavel Boyko, şair Sultan Mərzili, “Dirçəliş və Ümid” Xeyriyyə Fondunun rəhbəri İrina Boqaçyova rəssamın yaradıcılığından danışıblar.
Əsgər Məmmədov sərginin təşkilinə görə Moskva Şəhər Dumasına təşəkkürünü bildirib. O qeyd edib ki, sərgidə təqdim olunan əsərlərin əksəriyyəti Azərbaycana həsr olunub: “Mənim 50 illik yaradıcılıq yolumun başlıca ilham mənbəyi Azərbaycandır.
Yaratmaq əzmini və gücünü də məhz Vətənimdən alıram”.
Qeyd edək ki, “Nar dalğaları” sərgisi oktyabrın 11-dək davam edəcək.