Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Zaur Əzimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
ONA-nın xəbərinə görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Z. Əzimov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, Nərimanov rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan, 1979-cu il təvəllüdlü Zaur Siyavuş oğlu Əzimov ötən il saxlanılıb. O, 368 min manatlıq dələduzluqda təqsirləndirilir. O, “MTN işi”ndə təqsirləndirilən general Sübahir Qurbanov və digərlərinin cinayət işində zərərçəkmiş kimi də tanınıb. Z.Əzimovun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.