Prezident İlham Əliyevin bu gün imzaladığı əfv sərəncamında Nardaran hadisələrinə görə həbs olunmuş şəxslərin də adı var.
ONA-nın məlumatına görə, sərəncamla Zülfüqar Mikayılov, Elman Ağayev, Elxan Həsənov və Ruzi İsmayılov əfv olunub.
Qeyd edək ki, Daxili İşlər Nazirliyi (DİN) 2015-ci il noyabrın 26-da Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı Taleh Bağırov başda olmaqla, bir neçə nəfər saxlanılıb.
Həmin şəxslər barəsində Cinayət Məcəlləsinin 214.2.1-ci (Terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 214.2.3-cü (Terrorçuluq, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 214-2-ci (Terrorçuluğa açıq çağırışlar, bu Məcəllənin 102, 214, 214-3, 215, 219, 219-1, 226, 227, 277, 279 və ya 282-ci maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsinə açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materiallar yayma), 228.3-cü (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə, bu Məcəllənin 228.1 və ya 228.2-ci maddələrində nəzərdə tutulmuş əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 228.4-cü (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla), 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 278-ci (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama), 279.3-cü (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma, bu Məcəllənin 279.2-ci maddəsində nəzərdə tutulan əməllər adamların həlak olmasına və ya digər ağır nəticələrə səbəb olduqda), 281.2-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar, eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə), 283.2.3-cü (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması, mütəşəkkil dəstə tərəfindən törədildikdə) və digər maddələri ilə cinayət işi açılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 6 dekabr tarixli hökmü ilə Zülfüqar Mikayılov 17 il, Elman Ağayev 13 il, Elxan Həsənov 12 il 3 ay, Ruzi İsmayılov isə 15 il müddətinə azadlıqdan məhrum edilib.
Prezident İlham Əliyevin bu gün imzaladığı əfv sərəncamı ümumilikdə 431 nəfərə şamil olunib.