• HADİSƏ

    16:59 19 mart 2019

Narkoloji Mərkəzdə baş verən yanğına rəy verən ekspert məhkəmədə ifadə verib

Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilənlər - Mərkəzin direktoru Telman Məmmədhəsənov, Mərkəzin təhlükəsizlik üzrə mühəndisi, əməyin mühafizəsi mühəndisi Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədovun onun həkimi, şöbə müdiri Afət Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

ONA-nın xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə Məhkəmə Ekpertiza Mərkəzinin ekperti Fərhad Mahmudov ifadə verib. Ekspert yanğın Mərkəzin ikinci müalicə şöbəsinin 14-cü palatasından başlayıb. Onun sözlərinə görə, rəy videogörüntülər əsasında da hazırlanıb: "Videogörüntülərdən məlum olub ki, yanğın səhər saatlarında baş verib. Ora köhnə tikili, əksər hissələr isə taxtalardan ibarət idi. Divanların əksəriyyəti yanmışdı, qalıqlardan müəyyən edildi ki, yanğın 14-cü palatadan başlayıb. Ekspertiza rəyi istintaqın təqdim etdiyi və hadisə yerindən götürülmüş tədqiqatlar əsasında verilib".

Məhkəmə prosesi martın 29-da davam etdiriləcək.

Xatırladaq ki, Narkoloji Mərkəzdə 25 nəfərin ölümü, daha 29-nun xəsarət aldığı yanğına görə beş nəfər cinayət məsuliyyətinə cəlb olunmuşdu. İyulda onlardan dördünün işi məhkəməyə göndəriləndə Mərkəzin şöbə müdiri olmuş həkim Azad Ələkbərovun haqqındakı cinayət işi onun səhhətindəki problemlərlə əlaqədar ayrılmışdı. Sentyabrın 28-də o, həbsdə vəfat etdi. Məhkəmə qarşısına çıxarılan dörd nəfər isə hadisə vaxtı Mərkəzdə alkoqolizmdən müalicə alan Məhəmməd Məmmədov, Mərkəzin direktoru Telman Məmmədhəsənov, mühəndisi Mahir Abdullayev və şöbə müdiri Afət Məmmədovadır. O, həbsdə deyil, istintaq və məhkəmə dövrü üçün barəsində başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib. 64 yaşlı M.Məmmədov yanğını törətməkdə, onun müalicə həkimi olmuş A.Məmmədova oğlundan rüşvət alıb onu orada saxlamaqda, digərləri isə vəzifə səlahiyyətlərindən sui-istifadə və yanğın təhlükəsizliyi qaydalarına əməl etməməkdə təqsirləndirilir. Lakin onların heç biri özlərini təqsirli bilmir. M.Məmmədov bildirir ki, polis idarəsində onu döyə-döyə Mərkəzi yandırması haqda ifadəyə imza atdırıblar. Azərbaycan cinayət qanunvericiliyində iki və daha çox adamın qəsdən öldürülməsinə görə 20 ilədək və ya ömürlük, vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olanda 3 ildən 7 ilə qədər, dəfələrlə rüşvət almağa görə 8 ildən 12 ilə, yanğın təhlükəsizliyi qaydalarını pozma zərərçəkmişlərin ölümünə səbəb olanda isə 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Etibar

Teqlər:

SON XƏBƏRLƏR