Cəlilabadda sərnişinlə dolu mikroavtobusu narkotik təsiri altında idarə edən sürücü saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan ONA-ya verilən məlumata görə, Cəlilabad rayonu ərazisində 3 saylı marşrut xətti üzrə hərəkətdə olan 15-BP-496 dövlət nömrə nişanlı, “Mercedes” markalı mikroavtobusun sürücüsü qaydanı pozduğu üçün yol patrul xidmətinin əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilib. Bu zaman mikroavtobusun sürücüsü olan Cəlilabad rayonunun Soltankənd kənd sakini Oqtay Abbasovun nəqliyyat vasitəsini idarə etmək hüququ olmadığı müəyyən olunub, eyni zamanda hərəkətləri şübhə doğurduğu üçün o tibbi müayinəyə dəvət edilib. Müayinə zamanı O.Abbasovun narkotik vasitə qəbul etdiyi məlum olub. O, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən Cəlilabad Rayon Məhkəməsinin qərarı ilə 1 ay müddətinə inzibati qaydada həbs edilib.