Ötən gün Bakının Nərimanov rayonunda narkotik vasitə satmaq istəyərkən polis tərəfindən saxlanılan Şəfəq Ağacan (Ağabalayeva) bu gün məhkəmə qarşısına çıxarılacaq.
ONA-nın verdiyi xəbərə görə, bununla bağlı bir qədər əvvəl Şəfəq Ağacanın şəxsi “Facebook” səhifəsində məlumat yerləşdirilib. Məlumata görə, məhkəmə iclası Xətai rayon Məhkəməsində keçiriləcək.
Qeyd edək ki, Şəfəq Ağacanın adından paylaşılan yazının şərh bölümündə “Facebook” istifadəçilərindən biri onun Toma İsmayılova adlı qadın tərəfindən böhtana məruz qaldığını iddia edib. İstifadəçinin bildirdiyinə görə, T.İsmayılova özünü keçmiş ANS televiziyasının əməkdaşı kimi təqdim edərək, Ş.Ağacanın təsisçisi olduğu “Bakupress” xəbər saytında işləməyə başlayıb.
Xatırladaq ki, jurnalistin saxlanılması barədə xəbər ilk olaraq ONA xəbər agentliyində yayımlanıb. Xəbərdə qeyd olunub ki, paytaxtın Nərimanov rayonu ərazisində yerləşən 5 saylı şəhər Klinik Xəstəxanasının qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirilib. Əməliyyat zamanı bir qadın 62 bükümdə ümumi çəkisi 311 qramdan artıq olan qurudulmuş marixuananı 100 ABŞ dolları və 1830 manata satarkən saxlanılıb.
Araşdırmalar zamanı saxlanılan qadının “Bakupress” milli informasiya agentliyinin rəhbəri Şəfəq Ağacan (Şəfəq Ağacan qızı Ağabalayeva) olması müəyyən edilib.