Bakı Ağır Cinayətlər Məhkəməsində Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşı Sahib İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
ONA-nın xəbərinə görə ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə Vergilər Nazirliyinin əməkdaşı Emin Kərimov ifadə verib.
E.Kərimov Sahib İbrahimovun rəhbərlik etdiyi şirkətlərdə səyyar vergi yoxlaması aparıldığını deyib: "Yoxlamalar 2012-ci ilin fevralın 1-dən 2015-ci il fevralın 1-dək olan tarixi əhatə edib. Nəticədə şirkətlərdə 2,2 milyona yaxın vergidən yayınma halı aşkar edilib. Obyektlər sonradan başqasına satılsa da, vergidən yayınma halları olub".
Təqsirləndirilən S. İbrahimov isə deyib ki, həmin obyektlər satış üçün nəzərdə tutulmayıb və oradan gəlir götürülməyib: "Səttar Bəhlulzadə küçəsində yerləşən bina dövlət əhəmiyyətli layihə üçün söküldü. Həmin sakinlər Həsən Əliyev küçəsində inşa edilən binaya köçürüldü. Biz vətəndaşları çətin vəziyyətdə qoymaq istəmədik, obyekt verməyi təklif etdik. Onlar da razılaşdı. Sadəcə onlara təqdim etdiyimiz obyektlərə qoyduğumuz qiymətlər yüksək idi. Vergi də həmin qiymətlərə görə hesablayıb. Halbuki mən həmin obyektləri satmamışam, qazanc əldə etməmişəm. İnşa etdiyim bina sökülüb, vətəndaşlar narazı qalmasın deyə başqa ünvana köçürmüşəm".
Qeyd edək ki, S.İbrahimov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur. Məhkəmənin qərarı ilə S. İbrahimov barəsindəəvvəlcə həbs qətimkan, daha sonra ev dustaqlığı qətimkan tədbiri seçilib və azadlığa buraxılıb. Cinayət işində 52 zərərçəkmiş var. Ümumilikdə onlara 2 milyon manat ziyan dəyib. Məlumata görə, S. İbrahimov dəymiş zərərin bir qismini ödəyib.