Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosunda Səhiyyə sistemləri və ictimai sağlamlığın qorunması şöbəsinin direktoru, geniş dərmanlara davamlı vərəmlə mübarizə və profilaktika üzrə regional direktorun xüsusi nümayəndəsi Dr.Hans Kluge Bakıya rəsmi səfəri çərçivəsində Ədliyyə Nazirliyi Penitensiar Xidmətində olub.
Xidmətdən ONA-ya verilən məlumata görə, görüşdə ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi ədliyyə general-leytenantı Ceyhun Həsənov müxtəlif mötəbər qurumlarla, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatı ilə səmərəli əməkdaşlığın tarixindən, görülmüş işlər, əldə edilmiş uğurlu nəticələr barədə danışıb, ikitərəfli əlaqələrə verilən qiymətə və penitensiar sahədə islahatlara göstərilən dəstəyə görə öz minnətdarlığını bildirib. Nəzərə çatdırılıb ki, Azərbaycan Respublikası beynəlxalq təşkilatlarla birgə bütün istiqamətlərdə olduğu kimi, ədliyyə sistemi üzrə də islahatların həyata keçirilməsini davam etdirir. Bu islahatlar Penitensiar sahəni də əhatə edir. Son illər ərzində məhkumların hüquqlarının təmin olunması, penitensiar infrastrukturun müasirləşdirilməsi, səmərəli ictimai nəzarət mexanizminin tətbiqi istiqamətində, eləcə də məhkumların tibbi təminatında köklü dəyişikliklər aparılıb. Nazir müavini Azərbaycan Prezidenti İlham Əliyevin və I Vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə səhiyyə sahəsində həyata keçirilən islahatların penitensiar sahəni də əhatə etdiyini, bunun nəticəsi olaraq son illər ərzində cəzaçəkmə müəssisələrində vərəmə yoluxma hallarının sayında kəskin enmə müşahidə olunduğunu, vərəmdən ölüm hallarının isə 100 dəfə azaldığını söyləyib.
Səfərinin əsas məqsədi namizədliyini şəxsən təqdim etməkdən ibarət olduğu bildirən Dr. Hans Kluge özü haqqında ətraflı məlumat verərək bu sahədə 25 illik təcrübəyə malik olduğunu qeyd edib. Qonaq bilik və bacarıqlarını, eləcə də idarəetmə xüsusiyyətlərini nəzərə alaraq Belçika dövləti tərəfindən onun Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə regional direktorluğuna namizədliyinin irəli sürüldüyünü qeyd edib. H.Kluge Azərbaycanda dövlət başçısı tərəfindən səhiyyəyə göstərilən diqqət və qayğını yüksək dəyərləndirdiyini və qarşılıqlı əməkdaşlıqdan məmnunluğunu bildirib.
Görüşdə Belçika Krallığının Bakıdakı Səfirliyinin nümayəndəsi, Penitensiar xidmətin və Tibb baş idarəsinin məsul əməkdaşları iştirak ediblər.