Nəqliyyat vasitəsinin istismarı qaydasını pozmaqla zərərçəkmiş şəxsin sağlamlığına zərər vurmaqda təqsirləndirilən Fərhad Bilalovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
ONA-nın xəbərinə görə, cinayət işi baxılması üçün Oğuz Rayon Məhkəməsinə göndərilib.
Hakim Kamran Süleymanovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası mayın 7-nə təyin edilib. Cinayət işi üzrə ümumilikdə 12 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.
Qeyd edək ki, hadisə ötən il avqustun 28-də İsmayıllı-Qaraməryəm-Şəki magistral yolunun Oğuz rayonunun Bayan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Qax şəhər sakini, 1981-ci il təvəllüdlü Fərhad Bəhram oğlu Bilalov idarə etdiyi 90-MG-934 dövlət qeydiyyat nişanlı "Mercedes Vito" markalı mikroavtobusla Qaxdan Bakı istiqamətində hərəkətdə olarkən qarşıdan gələn Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Tural Aqif oğlu Ağayevin idarə etdiyi 99-DC-875 dövlət qeydiyyat nişanlı "Opel Vectra" markalı minik avtomobili ilə toqquşub.
Qəza nəticəsində T.Ağayev və mikroavtobusun sərnişinləri, Qax rayon sakinləri - 1976-cı il təvəllüdlü Nəcabət Bayram qızı Yusifova və onun oğlu, 2003-cü il təvəllüdlü Elman Yusif oğlu Yusifov aldıqları ağır bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Mikroavtobusda olan digər sərnişinlər - Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü Vəfa Sabir qızı Əfəndiyeva, Qax rayonunun Ləkit kənd sakini, 1993-cü il təvəllüdlü Beycət Xalid qızı Yusifli, Bakı şəhər sakini, 1961-ci il təvəllüdlü Şəfiqə Çərkəz qızı Cəfərova, İmişli rayon sakini, 1991-ci il təvəllüdlü Vəfa Bəxtiyar qızı Ağayeva və onun bacısı, 2000-ci il təvəllüdlü Jalə Bəxtiyar qızı Ağayeva Oğuz Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. J.Ağayevanın vəziyyəti ağır olduğundan, Şəki Rayon Mərkəzi Xəstəxanasına köçürülüb.