• HADİSƏ

    16:10 13 aprel 2023

Ombudsman BQXK-dan Ermənistanda işgəncə verilən Azərbaycan hərbçisinə təcili baş çəkməyi tələb edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan tərəfindən saxlanılan Azərbaycan hərbi qulluqçusuna qarşı işgəncə və qeyri-insani rəftarla bağlı faktlara münasibət bildirib.

ONA Ombudsman Aparatına istinadən xəbər verir ki, məlumatda deyilir:

"Ermənistan kütləvi informasiya vasitələrində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusunun işgəncə və qeyri-insani rəftara məruz qalması ilə bağlı foto və video materiallar yayılıb.

Bir neçə gün öncə Azərbaycan Ordusunun iki hərbi qulluqçusunun əlverişsiz hava şəraiti ilə əlaqədar yolu azaraq Ermənistanla sərhəd ərazisində itkin düşməsi barədə məlumatlar yayılmış, Ermənistan tərəfi isə onların saxlanıldığını təsdiqləmişdi.

Ermənistan kütləvi informasiya vasitələrində bu gün yayımlanan video və fotolarda Azərbaycan hərbi qulluqçusuna münasibətdə beynəlxalq sənədlərə zidd olaraq işgəncə və digər qeyri-insani hərəkətlərin törədilməsi aydın şəkildə öz təsdiqini tapır. Belə ki, yayılmış videoda azərbaycanlı hərbi qulluqçunun əl-qolu bağlanmış vəziyyətdə döyülməsi, ləyaqətinin alçaldılması müşahidə edilir.

“Hərbi əsirlərlə rəftar haqqında” III Cenevrə Konvensiyasına əsasən, döyüş əməliyyatlarında bilavasitə iştirak etməyən şəxslərlə bütün hallarda insani rəftar edilməlidir və hərbi əsirlər hər zaman xüsusən zorakılıq əməlləri, hədələnməkdən müdafiə olunmalıdır.

Azərbaycan Ombdusmanı olaraq, hərbi qulluqçumuza qarşı bu cür qeyri-insani rəftar göstərilməsi faktı ilə bağlı aidiyyəti beynəlxalq təşkilatlara müraciət edərək, bu fakta reaksiya verməyə və Ermənistanı beynəlxalq hüququn üzərinə götürdüyü tələblərə riayət etməyə çağırmağa dəvət edirəm. Eyni zamanda, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Ermənistandakı nümayəndəliyindən təcili olaraq həmin hərbi qulluqçularımıza baş çəkilməsini və onların vəziyyəti ilə bağlı məlumatların verilməsini tələb edirəm".

ONA

Teqlər:

SON XƏBƏRLƏR