"Son 12 gün ərzində Buzovna, Mərdəkan, Dənizkənarı bulvar ərazisi və Pirşağı çimərliklərində batmaq təhlükəsi ilə üzləşən 7 nəfər xilas edilib".
APA-nın xəbərinə görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Aqşin Əlili bildirib.
O deyib ki, çimərlik mövsümünün açıq elan edilməsinə 3 gün qalsa da, iyunun 1-dən etibarən Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları çimərlik ərazilərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
A. Əlilinin sözlərinə görə, ötən il ölkə üzrə suda boğulmaq təhlükəsi ilə üzləşən 304 nəfər xilas edilib. Həmin şəxslər çay, göl və dənizdə boğulmaq təhlükəsi ilə üzləşiblər.
Qeyd edək ki, çimərlik ərazilərinə gedən sərnişin avtobuslarında və metrolarda xüsusi baner vurulacaq. Həmin banerlər və lövhələrdə dənizdə təhlükəsizlik qaydaları izah olunacaq.