Ədliyyə Nazirliyi Penitensiar Xidməti Nardaran hadisələrinə görə həbs edilmiş Taleh Bağırovun həyat yoldaşı barəsində araşdırılma aparılması ilə bağlı məlumat yayıb.
Xidmətdən ONA-ya verilən xəbərə görə, Penitensiar xidmətin həbsxanasında cəza çəkən məhkum Bağırov Taleh Kamil oğlunun yanına üç azyaşlı övladları ilə birgə qısamüddətli görüşə gələn arvadı Bakı şəhər sakini İsmayılzadə Leyla Miryaqub qızı tərəfindən gətirilmiş sovqata və əşyalarına baxış keçirilib.
Baxış zamanı uşaq çantasının içində oyuncaqların arasında 1 ədəd “Samsung” markalı mobil telefon və bir ədəd danışıq kartı aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, T. Bağırov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 18 il müddətinə azadlıqdan məhrum edilib.