Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq və rüşvət verməyə təhrik etmədə təqsirləndirilən Əli Nəcəfov və Vüsal Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
ONA-nın xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Ə. Nəcəfov 7 il müddətinə azadlıqdan məhrum edilib. V. Əliyev isə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilib və o, məhkəmə zalında həbs olunub.
İttihama görə, Ə.Nəcəfov Nərimanov Rayon Polis İdarəsində işləyən zaman bir neçə vətəndaşdan pul alaraq onlara Daxili İşlər Nazirliyində işə düzəldəcəyi ilə bağlı vəd verib. Sabunçu Rayon Polis İdarəsinin əməkdaşı olmuş V.Əliyev isə öz qohumunu işə düzəltmək adı ilə ondan 9 min manat pul alıb Ə.Nəcəfova verib. Daha sonra hər iki şəxs verdikləri vədlərə əməl etməyiblər. Vətəndaşların şikayətindən sonra Ə.Nəcəfov ölkə xaricinə qaçıb. "İnterpol" xətti ilə axtarışda olmuş Ə.Nəcəfov Ukraynada saxlanılaraq Azərbaycana ekstradisiya edilib.
Qeyd edək ki, Ə.Nəcəfovla V.Əliyevin barəsində Cinayət Məcəlləsinin 34, 312-ci (rüşvət verməyə təhrik etmə), 178-ci (dələduzluq) maddələri ilə ittiham irəli sürülüb. V.Əliyev barəsində həbs qətimkan tədbiri seçilməyib.