• HADİSƏ

    12:40 28 fevral 2019

Polis məhkəmədə özünü təqsirli bilməyib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvətə təhrik etmə və dələduzluqda təqsirləndirilən Zakir Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

ONA-nın xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

İttihama münasibət bildirən Z. Məmmədov özünü təqsirli bilməyib. Z. Məmmədov zərərçəkmiş şəxsin ona şər atdığını deyib.

Sonra şahid qismində tanınan Elvar Xəlilov ifadə verib. Onun sözlərinə görə, 2017-ci ildə iki nəfərin şikayəti əsasında dələduzluqda ittiham edilib və həbs olunub. Pul müqabilində həbsdən azad ediləcəyi vədini aldıqdan sonra, E. Xəlilov təqsirləndirilən şəxsə barəsində açılmış cinayət işinə xitam verilməsi üçün 4 min manat pul verib: "Bu pulu bacım vasitəsilə Zakirə vermişəm. Bir il süründüm, amma nə pulumu qaytardılar, nə də işi həll etdilər. Vüqar Abbasova 85 min manat pul verdim, amma o, ölkədən qaçdı".

Proses martın 7-dək təxirə salınıb.

İttihama görə, Z. Məmmədov Qaradağ Rayon Polis İdarəsində işləyən zaman tanışı, həmin zaman həbsdə olan Elvar Xəlilov ona zəng edib. E. Xəlilov zəng edən zaman həyat yoldaşından 4 min manat pulu götürərək, onunla birgə aparıb Səbail Rayon Polis İdarəsinin sabiq müstəntiqi Vüqar Abbasova verməsini xahiş edib. Z. Məmmədov da onun xahişini yerinə yetirib.

Bir müddət keçəndən sonra V. Abbasov iş adamı, "Yeganə" şadlıq sarayının rəhbəri Akif Rəhimovun qəza törətmiş oğlu Rəhim Rəhimovun cinayət işi ilə bağlı vəzifəsindən kənarlaşdırılıb. Daha sonra o, ölkədən qaçıb.

E. Xəlilov həbsdən çıxandan sonra Z.Məmmədovdan hüquq-mühafizə orqanlarına şikayət edib.

Z. Məmmədovun barəsində dələduzluq və rüşvətə təhrik etmə maddələri ilə cinayət işi başlanılıb. Məhkəmə qərarı ilə onun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

E. Xəlilov iş üzrə şahid qismində tanınır.

Xatırladaq ki, E. Xəlilov dələduzluqda təqsirləndirilən Səbail Rayon Polis İdarəsinin müstəntiqinin sabiq köməkçisi Elnur Babayevin cinayət işi üzrə zərərçəkmiş qismində tanınır. Həmin cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar Mikayılovun sədrliyi ilə araşdırılır. Bu iş üzrə iş adamı, "Yeganə" şadlıq sarayının rəhbəri A. Rəhimov da zərərçəkmiş qismində tanınır. E. Babayev A. Rəhimovdan dələduzluq yolu ilə, ümumilikdə, 52500 manat pul alıb. Həmin pulun qarşılığında isə o, A. Rəhimovun oğlu R. Rəhimovun törətdiyi ölümlə nəticələnən qəza ilə saxta rəy çıxaracağı vədi verib.

Gülşən

Teqlər:

SON XƏBƏRLƏR