Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Ellada Babayeva və onun həyat yoldaşı Emil Babayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
ONA-nın xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. O, E.Babayevin 9 il və Ellada Babayevanın isə 7 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib. Prokuror təklif edib ki, onların 2013 və 2015-ci il təvəllüdlü iki azyaşlı övladının olması, həmçinin E.Babayevanın hamilə olması yüngülləşdirici hal kimi nəzərə alınsın. Uşaqlar hər iki valideynin qayğısından məhrum olmasın deyə, E.Babayevanın cəzası 2015-ci il təvəllüdlü qızı 14 yaşına çatana qədər təxirə salınsın.
İttihama görə, ər-arvad olan E.Babayevlə E.Babayeva bir neçə şəxsə qarşı külli miqdarda dələduzluq ediblər. Zərərçəkmişlər turzim şirkətlərinin nümayəndələridir. E.Babayeva və E.babayev onlardan iş görmək, tur paketləri təşkil etmək adı ilə müxtəlif məbləğlərdə pul və təyyarə biletləri alıblar. Lakin sonradan ödənişlər geri qaytarılmayıb.