Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Feliks Mendeleyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
ONA-nın xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. O, F. Mendeleyevin 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmə martın 6-da davam etdiriləcək.
İttihama görə, Özbəkistanda anadan olmuş, Azərbaycan vətəndaşı F.Mendeleyev “Sepra İnvest Ltd” şirkətinin direktorudur. Onun şirkəti Litvada qeydiyyatdan keçirilib. İş üzrə zərərçəkmiş Qulu Quliyev oğluna xaricdə mənzil almaq istəyib. F.Mendeleyev ona öz şirkəti vasitəsilə xarici ölkələrə investisiya qoyaraq yaxşı gəlir əldə edə biləcəyini təklif edib. Q.Quliyev də onunla razılaşıb. F.Mendeleyev Avtraliyada yerləşən 3 şirkətin adından Q.Quliyevlə ingilis dilində müqavilə imzalayıb və ondan ümumilikdə 982 min 833 manat alaraq bu şirkətlərin hesabına köçürüb. Daha sonra həmin pulları Sinqapurda yerləşən digər şirkətlərin bank hesabına köçürüb və bir hissəsi ilə isə ABŞ-ın Nyu-York şəhərində yerləşən binadan 7 otaq satın alaraq icarəyə verib. Bir neçə ay sonra isə Q.Quliyevlə müqavilə imzalayan şirkətləri müflis elan edərək öhdəliklərin icrasından yayınıb. F.Mendeleyev bundan başqa həmin dövr ərzində Q.Quliyevlə “Monte Kristo” şadlıq sarayında görüşərək bir neçə dəfəyə dələduzluq yolu ilə 54 min 500 manat pul alıb.
Təqsirləndirilən F.Mendeleyev həbs edilməyib. Onun barəsində başqa yerə getməməklə bağlı qətimkan tədbiri seçilib.