Müsavat Gənclər Təşkilatının həbsdə olan sədri Əbülfəz Sadıqlıya hökm oxunub.
ONA-nın məlumatına görə, hökmə əsasən, Ə. Sadıqlı barəsində seçilmiş həbs qətimkan tədbiri 1 il 6 ay müddətinə polisin nəzarətinə verilmə qətimkan tədbiri ilə əvəz edilib. O, məhkəmə iclas zalından azadlığa buraxılıb.
Digər təqsirləndirilən şəxs barəsində də eyni cəza tətbiq edilib.
* * *
Saat 13:18
Bu gün Qaradağ Rayon Məhkəməsində Müsavat Gənclər Təşkilatının həbsdə olan sədri Əbülfəz Sadıqlının və Kamran Abbasovun cinayət işi üzrə proses davam etdirilib.
ONA xəbər verir ki, hakim Fuad Hüseynovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. O, Ə. Sadıqlının 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib: "Əbülfəz Sadıqlı 3 ay 15 gündür həbsdədir. Həbsin hər günü iki gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulsun. 7 ay çıxılmaqla Əbülfəz Sadıqlının üzərində 1 il 11 ay azadlığın məhdudlaşdırılması cəzası saxlansın. O, məhkəmə zalından azadlığa buraxılsın, barəsində başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilsin".
Digər təqsirləndirilən Kamran Abbasova gəlincə, prokuror ona qarşı CM-nin 178-ci maddəsilə irəli sürülmüş dələduzluq ittihamına da xitam verilməsini istəyib.
Bildirib ki, K.Abbasov iş üzrə zərərçəkən tərəflə - "Nikoil" bankla barışıb, mülki iddiada göstərilən 10 min 892 manatı ödəyib. Üstəlik, bu məbləğin bir qismini dövlət büdcəsinə ödəyib. Bu da onun cinayət məsuliyyətindən azad olunmasına əsas ola bilər.
Daha sonra bankın nümayəndəsi çıxış edərək, ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbləri olmadığını bildirib.
Hakimlər hökmü elan etmək üçün, müşavirəyə gedib.
Qeyd edək ki, Ə. Sadıqlı 2018-ci ilin noyabrında həbs edilib. Gənc fəala dələduzluq və saxta sənəd hazırlayıb ondan istifadə etmək ittihamı verilib.
İttihama görə, Ə. Sadıqlı yol polisinə "Nikoyl” bankının krediti ilə aldığı "Niva” markalı avtomobilə görə borclu qaldığı 5 min 100 manatın ödənməsi barədə saxta arayış təqdim edərək maşını öz mülkiyyətinə keçirib, daha sonra satıb.