Baş Prokurorluq Bakıdan Şuşaya saxta turist səfərləri təşkil edən şirkətlərlə bağlı vətəndaşlara müraciət edib.
ONA xəbər verir ki, qurumun mətbuat xidməti tərəfindən bununla bağlı videoçarx hazırlanıb.
Videoçarxda bildirilib ki, son zamanlar sosial şəbəkələrdə bəzi turizm şirkətləri tərəfindən insanların vətənpərvərlik hisslərindən sui-istifadə edilərək Bakı – Şuşa istiqamətində saxta turlar təşkil edilməsi ilə bağlı məlumatların sayı artıb: “Həmin şirkətlərin çoxu sosial şəbəkələr üzərindən fəaliyyət göstərdiklərinə görə onların hər-hansı bir ünvanda ofislərinin olması barədə məlumatlar elanlarda öz əksini tapmır.
Təbii ki, sosial şəbəkə üzərindən fəaliyyət göstərməklə həmin şirkətlər dələduzluq niyyətlərini daha asan yolla həyata keçirmiş olurlar.
İnsanlar turlar üçün lazım olan məbləği “şirkət nümayəndəsi”nə onlayn köçürmə qaydasında ödəyərək müxtəlif qiymətə biletlər alırlar.
Bileti almış olduqlarını düşünən şəxslər yola düşmək üçün toplanış yerinə getdikdə şirkət nümayəndəsinin orada olmadığını, onlara təqdim olunan telefon nömrələrinin işləmədiyi gördükdə dələduzluğun qurbanı olduqlarını başa düşürlər”.
Müraciətdə vurğulanıb ki, işğaldan azad olunmuş ərazilərə getmək üçün yalnız yolumuzqarabaga.az saytı vasitəsilə bilet almaq mümkündür və bunun üçün şəxsiyyəti təsdiq edən sənəd mütləq sistemə daxil olunmalıdır:
”Odur ki, qeyd olunan dələduzluq hallarının qarşısının alınmasına köməklik göstərilməsi məqsədilə vətəndaşlardan öz şəxsi sənədlərini sosial şəbəkələrdəki elanlarda gördükləri əlaqə vasitələrinə göndərməmələrini və biletlərin alınması üçün heç kimə əlavə vəsait ödəmədən özlərinin həyata keçirmələrini xahiş edirik”.