• HADİSƏ

    11:56 4 aprel 2019

Bakıda piyadanı öldürüb qaçan sürücü həbs edilib - YENİLƏNİB

Bakıda piyadanı vurub qaçan sürücü barəsində həbs qətimkan tədbiri seçilib.

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərindən ONA-ya verilən birgə məlumatda qeyd olunur ki, polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində paytaxtın Qaradağ rayonu ərazisində yol nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq insan ölümünə səbəb olan və hadisə yerindən qaçan sürücü müəyyən edilərək istintaqa cəlb olunub.

Belə ki, aprelin 1-də Bakı-Qazax avtomobil yolunun Qaradağ rayonu Ələt qəsəbəsi ərazisindən keçən hissəsində naməlum avtomobilin sürücüsü yolun kənarında dayanmış piyada, 1988-ci il təvəllüdlü Əfsanə Qurbanovanı vuraraq hadisə yerindən qaçan, Ə.Qurbanova isə aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.

Aparılmış istintaqla hadisənin Məzahir Sadıqov tərəfindən “Kamaz-5511” markalı avtomobillə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq törədilməsinə, daha sonra yol-nəqliyyat hadisəsi yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.

Aprelin 3-də M.Sadıqova Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Saat 10:59

***

Martın 31-də saat 23 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində yolu keçən Ümid qəsəbə sakini Əfsanə Qurbanovanı vurub qaçan sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən ONA-ya verilən məlumata görə, Baş İstintaq və Təhqiqat, Baş Cinayət Axtarışı və Baş Dövlət Yol Polisi idarələri əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “KamAZ” markalı avtomobillə törədilməsi müəyyən edilib. Görülmüş tədbirlərlə yol qəzasını törədərək hadisə yerindən yayınan həmin nəqliyyat vasitəsini idarə edən Daşkəsən rayon sakini M.Sadıqov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Orxan

Teqlər:

SON XƏBƏRLƏR