• HADİSƏ

    10:19 13 mart 2019

Qatarla avtobusunun toqquşmasına görə tutulanların işi məhkəməyə göndərilib

Bakıda qatarla avtobusun toqquşması faktına görə dispetçer Mübariz Fərəcov və sürücü Əlixan Şirəliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

ONA-nın məlumatına görə, təqsirləndirilən şəxslər barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Azər Paşayevin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb. Cinayət işində 38 zərərçəkmiş var.

Qeyd edək ki, ötən il oktyabrın 1-də saat 14:30 radələrində paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində qorunan dəmir yolu keçidində yük qatarı ilə Şirəliyev Əlixan Əlibala oğlunun 160 nömrəli marşrut üzrə idarə etdiyi "Ayşən LTD" MMC-yə məxsus "Daewoo" markalı 10-TG-106 dövlət qeydiyyat nişanlı sərnişin avtobusunun toqquşması nəticəsində 2006-ci il təvəllüdlü Dadaşzadə Yusif Tahir oğlu və 1962-ci il təvəllüdlü Əliyev Şakir Pənah oğlu ölüb, 40 sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Fakta görə Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Ə.Şirəliyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İstintaqla həmçinin, qəzaya səbəb olan sürücünün hadisə baş verən gün tibbi müayinədən keçirilmədən reysə buraxılması müəyyən edildiyindən “Ayşən LTD” MMC-də dispetçer işləyən M.Fərəcov Cinayət Məcəlləsinin 265-1.3-cü (Ümumi istifadədə olan nəqliyyat vasitəsinin istismara verilməsi qaydalarının pozulması, ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Etibar

Teqlər:

SON XƏBƏRLƏR