Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi və Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Qax və Zaqatala rayonlarında istehlaka yararsız heyvan cəmdəkləri aşkar olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, Qax rayonunun Güllük kənd sakini Fərrux Davudova məxsus həyətyanı sahədən satış üçün nəzərdə tutulan ümumi çəkisi təxminən 104 kiloqram olan istifadəyə yararsız heyvan cəmdəyi aşkar olunub.
Ətin orqanoleptik baxışı keçirilərkən qaralma, daxili orqanlarında patoloji dəyişiklik müəyyən edilib və istifadəyə yararsız olduğu təsdiq olunub.
“Zaqatala rayonu Bazar 2” ASC-də keçirilən monitorinq zamanı isə qəssab Elvin Qurbanovun 84 kiloqram çəkidə heyvan cəmdəyini heç bir baytarlıq sənədi, baytarlıq ekspertiza rəyi olmadan satışa çıxardığı aşkarlanıb. Heyvanın cəmdəyinə orqanoleptik baxış keçirilərkən ətdə qaralma, selik və patoloji dəyişiklik müşahidə olunub.
Heyvan cəmdəklərindən götürülən nümunələr laborator analizdən keçirilməsi məqsədi ilə Qida Təhlükəsizliyi İnstitutuna təqdim olunub.
Hər iki fakt üzrə araşdırma aparılır.