Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə Qazax rayonu, Ağköynək kəndi ərazisində kanalın içərisində uzunluğu 35-40 sm, eni 65-70 sm olan tank gülləsinə bənzər sursatın tapılması barədə məlumat daxil olub.
ANAMA-dan ONA-ya verilən xəbərə görə, bu barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən bildirilib.
Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib və adı qeyd olunmuş ərazidə Ağstafa su kanalına baxış keçirilib. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində hərbi təyinatı olmayan metal əşya aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Metal əşyanın ətrafında 150 kv.m əraziyə yerüstü baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.