Dövlət Sərhəd Xidmətindən (DSX) Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Qazax rayonu, Kəmərli kəndi ərazisində 1 ədəd minanın tapılması barədə məlumat daxil olub.
ANAMA-dan ONA-ya verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və DSX-nin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə otlaq sahəsinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınıb.
Aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 2 ədəd tank əleyhinə mina (TM-62M) aşkar olunub, üzərində partladıcıları olduğuna görə partlayış yolu ilə yerində zərərsizləşdirilib.
Minaların ətrafında 10 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.