Martın 5-də saat 17:16-də Dövlət Sərhəd Xidmətindən Agentliyə Qazax rayonunun Ağköynək, Cəfərli və Aslanbəyli kəndləri ərazisində xeyli sayda döyüş sursatının tapılması barədə məlumat daxil olub.
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) ONA-ya verilən məlumata görə, qurumun xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin Qazax sərhəd dəstəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Qazax sərhəd dəstəsinin əməkdaşları tərəfindən birlikdə qeyd olunan tarixdə Ağköynək kəndinin ərazisinə baxış keçirilib, havanın qaranlıq olması nəzərə alınaraq, təhlükəsizliyin təmin edilməsi məqsədilə məlumatda qeyd olunmuş Cəfərli və Aslanbəyli kəndləri ərazisində əməliyyat-axtarış tədbirləri 2019-cu ilin 06 mart tarixində davam etdirilib, nəticədə Cəfərli kəndi ərazisində əkin sahəsinə baxış keçirilib. Təhlükəsizliyin təmin edilməsi məqsədilə ərazi Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 85 mm-lik top mərmisi (BR-365K) və 1 ədəd 100 mm-lik top mərmisi (PS-34) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Top mərmilərinin ətrafında 1,600 kv.m əraziyə yerüstü, 200 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.