Qazax rayonu Şıxlı kəndi ərazisində cari ilin yanvar və fevral aylarında bir neçə evdən oğurluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, Qazax rayon Şıxlı kənd sakini, əvvəllər məhkum olunmuş 33 yaşlı İsgəndər Dılışov yanvar ayının 29-da Şıxlı kəndi ərazisindəki evlərdən birinə gizli yolla daxil olaraq oradan 500 ABŞ dolları və 45 manat nağd pul oğurlayıb. Daha sonra o, fevralın 19-da həmin kənd ərazisindəki başqa bir evə daxil olaraq 200 manat nağd pul oğurlayıb. İ.Dılışov saxlanılaraq istintaqa təhvil verilib.
Qeyd edək ki, mart ayının 3-də Şıxlı kəndində bir qrup kənd sakini yoldan ötən “Mersedes” markalı avtomobili saxlayaraq içərisindəki 3 nəfər şəxsi kənd ərazisində baş verən oğurluqları törətməkdə yanlış olaraq təqsirləndirərək münaqişə törədiblər. Nəticədə 47 yaşlı Bakı şəhər sakini Seymur Haqverdiyev, 21 yaşlı Qazax rayon sakini Maqsud Əliyev və 31 yaşlı Gürcüstan Respublikasının vətəndaşı Coşqun Ayvazov müxtəlif bədən xəsarətləri ilə Qazax rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.
Hər iki faktla bağlı araşdırma aparılır.