Qazax Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Bakı Dövlət Universitetinin (DBU) Qazax rayon filialında «Narkomaniyaya qarşı mübarizə və uşaqları zərərli vərdişlərdən qoruyaq» mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Gəncə regional qrupundan ONA-ya verilən məlumata görə, tədbirdə Qazax Rayon Polis Şöbəsinin əməkdaşları ilə yanaşı, pedaqoji heyət və tələbələr də iştirak edib.
Qazax RPŞ-nin rəisi, polis polkovniki Ədalət Əliyev ümumbəşəri problem olan narkomaniyaya qarşı mübarizə məqsədilə maarifləndirmə işlərinin aparılmasının vacibliyini vurğulayıb. O qeyd edib ki, bu gün Azərbaycan gəncləri ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında, vətəndaş cəmiyyətinin qurulmasında yaxından iştirak edirlər. “Gənclər xalqımızın gələcəyidir və onların əsl azərbaycanlı kimi yetişməsi, tərbiyə olunması gənclərlə işləyən qurumların vəzifə, eyni zamanda, vətəndaşlıq borcudur. Gənclərin milli və müasir ruhda tərbiyəsi qarşıda duran ən başlıca məsələlərdəndir”.
Polis polkovniki erkən nikahın səbəb olduğu problemlərdən söhbət açaraq, hər bir uşağın yaşamaq, təhsil almaq, müdafiə olunmaq hüquqları olduğunu vurğulayıb. Qeyd edib ki, hər bir şagird öz hüquq və vəzifələrini bilməli, zərərli vərdişlərdən uzaq durmalıdır. Yeniyetmə və gənclərimiz yüksək təhsil almalı, müasir informasiya texnologiyalarından istifadə etməyi bacarmalı, idmanla məşğul olmalı, milli-mənəvi dəyərlərimizə sədaqət ruhunda böyüməli, vətənpərvər kimi hər zaman ölkəmizin müdafiəsinə hazır olmalı, cəmiyyətdə sağlam fərdə çevrilməlidirlər.
Daha sonra o, dini radikalizmin formalaşmasından və insanlar arasında yaratdığı zərərli təsirdən bəhs edib. Bildirib ki, adətən, cəmiyyətdə əmin-amanlığı, sabitliyi pozmağı özünə məqsəd seçən belə qruplaşmaların qurbanları gənclər olur. Gəncləri radikal qruplaşmaların yalanlarına, xurafat dolu vədlərinə, təxribatçılıq əməllərinə uymamağa və bütün bunlarla mübarizədə valideynləri fəal olmağa çağırıb.
RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşı, polis kapitanı Elxan Əhmədov çıxış edərək belə tədbirlərin keçirilməsində məqsədin gələcəkdə uşaqların yol hərəkəti qaydalarını daha rahat və asan şəkildə mənimsəmələri, indidən onlarda küçə, yol, səki, işıqfor barəsində ilkin anlayışların formalaşdırılmasından ibarət olduğunu bildirib. O, eyni zamanda həm müəllimlər həm də valideynlər arasında maarifləndirici tədbirlərin təşkilinin uşaqların yollarda arzuolunmaz hadisələrlə üzləşməsinin qarşısını alan əsas amillərdən olduğunu vurğulayıb.