Qəbələdə 9-cu sinif şagirdi bıçaqlayan şəxsin kimliyi məlum olub.
ONA-nın yerli bürosunun xəbərinə görə Qəbələ şəhər 4 saylı tam orta məktəbin 9-cu sinif şagirdi, 2004-cü il təvəllüdlü İsrafilov Mikayıl Orxan oğlu şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı cibində gəzdirdiyi bıçaqla şəhər 1 saylı orta məktəbin 9-cu sinif şagirdi, 2004-cü il təvəllüdlü Xəlilov Sübhan Adil oğlunu bıçaqlayıb.
Sağ döş qəfəsin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Qəbələ Regional Diaqnostika Mərkəzinin cərrahiyə şöbəsinə çatdırılan Sübhan Xəlilov təcili əməliyyat olunub. Həkimlər 15 yaşlı məktəblinin həyatını xilas edə biliblər.
Hadisəni törədən Mikayıl İsrafilov talassemiya xəstəsidir. O, ağır xəstə olduğu üçün evdə təhsil alır və məktəbə getmir. Daim həkim və valideyn nəzarətində olan Mikayıl İsrafilovun şəhərdə başqa məktəbli ilə dava edərək hadisə törətməsinin səbəbi hələlik məlum deyil.
Faktla bağlı Qəbələ rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Saat 10:05
***
Qəbələ rayonunda bıçaqlanma hadisəsi baş verib.
ONA-nın yerli bürosunun xəbərinə görə, Qəbələ şəhər sakini, 2004-cü il təvəllüdlü Xəlilov Sübhan Adil oğlu sağ döş qəfəsin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Qəbələ Regional Diaqnostika Mərkəzinin cərrahiyə şöbəsinə çatdırılıb.
Təcili əməliyyat olunan 15 yaşlı məktəblinin həyatını xilas etmək mümkün olub.
Onun kimin tərəfindən bıçaqlandığı hələlik məlum deyil.
Faktla bağlı Qəbələ rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Şahnəzər Bəşirov