• HADİSƏ

    10:51 6 avqust 2019

Qəbələdə toyda baş verən kütləvi zəhərlənməyə görə cinayət işi başlanıb - YENİLƏNİB-1 - FOTO

Qəbələdə toyda baş verən kütləvi zəhərlənmə faktı ilə bağlı cinayət işi başlanıb.

ONA-nın xəbərinə görə, Qida Təhlükəsizliyi Agentliyi və Baş Prokurorluğun Mətbuat xidmətlərinin birgə məlumatda qeyd olunur ki, avqustun 5-i Qəbələ rayonu Zərgərli kəndində Həsən Əsgərovun həyətində təşkil olunmuş toy məclisində iştirak edən təxminən 500 nəfər qonaqdan 89 nəfərinin (19-u qadın, 8-i yetkinlik yaşına çatmayan) qida zəhərlənməsi diaqnozu ilə müalicə müəssisələrinə müraciət etmişdir.

Rayon Polis Şöbəsi və prokurorluğunun əməkdaşlarının, eləcə də Qida Təhlükəsizlik Agentliyinin Şəki Regional bölməsinin əməkdaşlarının iştirakı ilə dərhal hadisə yerinə baxış keçirilmiş, toy məclisində verilmiş ayrı-ayrı qida məhsullarından nümunələr qablaşdırılaraq götürülmüş və digər zəruri istintaq hərəkətləri yerinə yetirilmişdir.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 200.3-cü (bilə-bilə pis keyfiyyətli məhsulların istehsalı, satışa buraxılması və ya belə məhsulların satışı, onların keyfiyyətsiz olmasının gizlədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda) və 314.1-ci (səhlənkarlıq) maddələri ilə cinayət işi başlanmış, insanların zəhərlənmə səbəblərinin və digər halların müəyyənləşdirilməsi məqsədi ilə müvafiq ekspertizalar təyin edilmişdir.

İlkin araşdırma zamanı müəyyən olunmuşdur ki, qonaqlar toy məclisində müxtəlif qida və içki məhsulları (kabablar, toyuq əti, salatlar, qarpız, üzüm, düşes, kompot və sair) qəbul etdikdən sonra halları pisləşmiş, dərhal rayon mərkəzi xəstəxanasına və Qəbələ rayon Müalicə Diaqnostika Mərkəzinə müraciət etmişlər.

Hadisə zamanı zərər çəkmiş şəxslərin xəstəxanalara yerləşdirilməsi təmin olunmuş, onlardan 88-i ilkin tibbi yardım göstərilməklə evə buraxılmış, 1 nəfərin isə stasionar şəraitdə müalicələri davam etdirilir.

Hazırda iş üzrə təqsirkar şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq hərəkətləri davam etdirilir.

Qida təhlükəsizliyinə və qida məhsulları istehlakçılarının hüquqlarının pozulmasına yönəlmiş qanun pozuntularının qarşısının alınması istiqamətində bundan sonra da ən ciddi tədbirlər görüləcəkdir.

***

23.40


Bu gün axşam saatlarında Qəbələ rayonu Zərgərli kəndində keçirilən toy mərasimi zamanı qonaqlardan 72 nəfəri qidadan zəhərlənib.

APA-nın yerli bürosunun xəbərinə görə, zəhərlənən şəxslərdən 40 nəfəri Qəbələ rayon Mərkəzi Xəstəxanasına, 32 nəfəri Qəbələ Diaqnostika Mərkəzinə yerləşdirilib.

Hər iki tibb müəssisəsi gücləndirilmiş iş rejimində çalışıb, səhiyyə işçilərinin səyi nəticəsində xəstələrdən böyük əksəriyyətinin vəziyyəti normallaşıb və onlar ambulator müalicə üçün evə buraxılıblar.

Hazırda Mərkəzi Xəstəxanada 5, Diaqnostika Mərkəzində 3 xəstənin stasionar müalicəsi davam etdirilir.

Zəhərlənən şəxslərdən 1961-ci il təvəllüdlü İlqar Mikayılov, 1991-ci il təvəllüdlü Vahid Abdullayev, 1970-ci il təvəllüdlü Dilşad Abdullayev, 2012-ci il təvəllüdlü Nərmin Qurbanova, 2001-ci il təvəllüdlü Nurlan Əsgərov, 1992-ci il təvəllüdlü Rauf Mikayılov, 1969-cu il təvəllüdlü Sevgili Muradov, 1960-cı il təvəllüdlü Elnur Xurşudov, 1970-ci il təvəllüdlü Habil Nurəddinovun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

****

19:26

Qəbələnin Zərgərli kəndində keçirilən toyda kütləvi zəhərlənmə olub.

Bu barədə APA-ya Səhiyyə Nazirliyindən bildirilib.

Məlumata görə, 26 nəfər Qəbələ Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onlara lazımi tibbi yardım göstərilib.

Faktla bağlı hüquq-mühafizə orqanlarına və Qida Təhlükəsizliyi Agentliyinə məlumat verilib.

Hazırda xəstəxana gücləndirilmiş rejimdə işləyir.

Şahnəzər

Teqlər:

SON XƏBƏRLƏR