Lənkəran limanı yaxınlığında qəzaya uğrayan İran İslam Respublikasının bayrağı altında üzən “Şəbahəng” quru - yük gəmisində xilas edilən 9 nəfər heyət üzvü Bakıya gətirilib.
APA -nın məlumatına görə heyət üzvləri Dövlət Sərhəd Xidmətinin (DSX) gözətçi gəmisi ilə Bakı Limanına gətirilib.
Hazırda heyət üzvləri DSX-nin Hərbi Hospitalının həkimləri tərəfindən müayinə edilir.
İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin yüksək vəzifəli əməkdaşı da Bakı Limanında olub.
İranın qəzaya uğrayan gəmisinin kapitanı Vikaşi Barlayın APA -nın əməkdaşına açıqlamasında xiılasetmə tədbirlərinə görə Azərbaycan tərəfinə dərin minnətdarlığını bildirib.
Qeyd edək ki, İranın İSNA agentliyinin verdiyi məlumata görə, batan gəmi İran İslam Respublikası Gəmiçilik Donanmasına aid deyil. Əlavə edilib ki, sözügedən gəmi İranın özəl sektoruna aiddir. Eyni zamanda bildirilib ki, ekipaj üzvlərindən 7 nəfəri İran vətəndaşı, 2 nəfəri isə Hindistan vətəndaşıdır.
16:59
Lənkəran limanı yaxınlığında qəzaya uğrayan İran İslam Respublikasının bayrağı altında üzən “Şəbahəng” quru-yük gəmisinin 9 nəfər şəxsi heyətinin Fövqəladə Hallar Nazirliyinin helikopterləri, Dövlət Sərhəd Xidmətinin gözətçi gəmisi tərəfindən xilas edilməsi əməliyyatı saat 16:10 radələrində uğurla başa çatdırılıb.
ONA-nın xəbərinə görə, bu barədə Dövlət Dəniz Agentliyinin mətbuat xidmətinin açıqladığı məlumatda bildirilib.
Qeyd olunub ki, xilas edilən 9 nəfər təhlükəsiz şəraitdə sahilə çıxarılmaqdadır.
Dövlət Sərhəd Xidmətinin məlumatına görə, İran İslam Respublikasının bayrağı altında üzən “Şəbahəng” quru-yük gəmisi heyəti xilas edildikdən sonra saat 16:22-də batıb.
Qeyd edək ki, bu gün saat 14:10–da İran İslam Respublikasının bayrağı altında üzən "Şəbahəng" quru - yük gəmisindən Lənkəran limanı yaxınlığında qəzaya uğraması ilə bağlı Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə qəza həyəcan siqnalı daxil olub.
Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) 2 helikopteri və Dövlət Sərhəd Xidmətinin (DSX) “Tufan” tipli sərhəd gözətçi gəmisi hadisə yerində xilasetmə əməliyyatına cəlb edilib.