Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində insan orqanı alveri ilə məşğul olmaqda təqsirləndirilən Vahib Xudadatovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
ONA-nın xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində Səid Ağayev ifadə verib. O bildirib ki, banka 3 min manat borcu olduğu üçün böyrəyini satmaq qərarına gəlib: "Bank əməkdaşları tez-tez narahat edirdi. Krediti qaytarmaq üçün daim pul axtarırdım. Həmin ərəfədə əmimoğlu Elman ilə görüşən zaman dedi ki, böyrəyini Sahib adlı şəxs vasitəsi ilə satıb. Sonra mən sahiblə görüşdüm. Görüşümüzdən sonra bir necə dəfə zəngləşdik. Təxminən 10 gün sonra Sahib məni "Semaşko" xəstəxanasına çağırdı. Orda qan analizi verdim. Böyrəyi 12 min manata razılaşdıq. Lakin sonradan qorxduğum üçün böyrəyimi satmadım".
Digər zərərçəkən Şakir Nağıyev də imkansızlıqdan bu yola əl atdığını deyib. Onun sözlərinə görə, böyrəyini 17 min ABŞ dollarına satmağa razılaşıb: "Sahibi taksi sürücüsü kimi tanıyırdım. Pul söhbətləri Elmanla olub. İranda müayinədən keçərək Tiflisdə əməliyyat olundum. Pulum ödənilib. Heç bir şikayət və tələbim yoxdur".
Məhkəmə prosesi aprelin 26-da davam edəcək.
Qeyd edək ki, DTX tərəfindən həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində vətəndaşlara qarşı müxtəlif cinayət əməllərinin törədilməsi, əlaqəsində olan digər şəxslər, o cümlədən xarici ölkə vətəndaşları ilə birgə Azərbaycan Respublikası vətəndaşlarının orqanlarının xaricdə transplantasiyası üçün ölkədə alqı-satqısını təşkil edən Azərbaycan Respublikası vətəndaşı Xudadatov Vahib Fəxrəddin oğlu müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb edilib, məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib. V.Xudadatovun əlaqəsində olan şəxslər istintaqa cəlb ediliblər. Cinayət əməlləri nəticəsində orqanları alqı-satqı obyekti olmuş şəxslər həkim nəzarətinə götürülüblər. Cinayət işində 27 zərərçəkmiş var. Xatırladaq ki, V.Xudadatov "Qarabağ"ın U-11 komandasının baş məşqçisi Elşad Xudadatovun qardaşıdır.