Avqustun 18-də qız övladına toy mərasimi keçirən keçmiş deputat İlham Əliyev və qudası Rövşən Mustafayev bu gün məhkəmə qarşısına çıxarılıb.
APA-nın məlumatına görə, İ. Əliyev və R. Mustafayev Abşeron Rayon Məhkəməsinə gətirilib. İşə hakim Şövkət Nəcəfovanın sədrliyi ilə baxılıb.
Məhkəmə karantin qaydalarını pozduğuna görə İ. Əliyev və R. Mustafayevi İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə təqsirli bilib.
Məhkəmə onların hər ikisinə 15 sutkalıq inzibati həbs qərar verib.
Qeyd edək ki, keçmiş deputat İlham Əliyevin Operativ Qərargahın və hökumətin qərarına zidd olaraq karantin günlərində övladına toy etməsi ictimaiyyətin kəskin narazılığa səbəb olub. Vətəndaşlar həm mətbuatda, həm də sosial şəbəkələrdə bu addımı kəskin pisləyib, bu əmələ yol verənlərin cəzalandırılmasının vacibliyini vurğulayıblar.
Əlavə edək ki, İ. Əliyev AMEA prezidenti Ramiz Mehdiyevin kürəkənidir.