Rusiyanın Samara vilayətində azərbaycanlı gənc qətlə yetirilib.
Bu barədə APA-nın Rusiya bürosuna Samaradakı Azərbaycan diasporunun rəhbəri Şirvan Kərimov məlumat verib. Onun sözlərinə görə, qətl hadisəsi iyunun 8-dən 9-na keçən gecə məişət zəminində baş verib. Rusiya vətəndaşı olan həmyerlimiz Elmir Əhmədov bıçaqlanaraq öldürülüb. Daha sonra qatil meyiti ölən şəxsin "QazEL" markalı yük maşınına qoyaraq kənar əraziyə aparıb və yandırıb.
Hadisədən bir qədər sonra cinayəti törədən şəxs saxlanılıb.
Ş. Kərimov bu gün qətli törətməkdə təqsirli bilinən şəxs barəsində məhkəmənin həbs-qətimkan tədbiri seçəcəyini də söyləyib.
Diaspor rəhbəri mərhum Elmir Əhmədovun Rusiya vətəndaşı olduğunu və ailəsi və qardaşları ilə birlikdə Samara vilayətinin Voxvisneva rayonunda yaşadığını deyib. Elmir Əhmədov fermer təsərrüfatında çalışıb.