Balakəndə narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkotik tərkibli bitkiləri əkib becərilməsi ilə məşğul olan 4 nəfər saxlanılıb.
ONA-nın şimal-qərb bürosunun məlumatına görə, Balakən rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri zamanı rayonun Talalar kənd sakini, əvvəllər Rusiya Federasiyasında qəsdən adam öldürməyə, daha sonra Balakəndə narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə ümumilikdə iki dəfə məhkum olunmuş Çingiz Yolçuyev saxlanılıb. Onun yaşadığı evə baxış keçirilən zaman həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 7 ədəd narkotik tərkibli çətənə bitkisi, eləcə də yaşadığı evdən 790 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Əməliyyatın davamı olaraq Balakəndə məskunlaşmış Ağdam rayon sakini Pərviz Quliyev şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə baxış zamanı isə 6 qramdan çox qurudulmuş marixuana götürülüb. Araşdırma zamanı P.Quliyevin narkotik vasitəni rayonun Hənifə kənd sakini Sərdar Osmanovdan aldığı müəyyən olunub. Əməliyyat zamanı S.Osmanovun yaşadığı evdən 8 qramdan çox qurudulmuş marixuana götürülərək, maddi sübut kimi istintaqa təhvil verilib.
Digər bir əməliyyat zamanı rayonun Talalar kənd sakini Eşqin Abbasovun yaşadığı ünvanda kultivasiya üsulu ilə əkilmiş 7 ədəd narkotik bitki hesab olunan çətənə bitkisi aşkarlanıb.
Hər üç fakt üzrə Balakən RPŞ-də araşdırma aparılır.