• HADİSƏ

    12:23 29 mart 2019

Rüstəm Usubov “Diqlas”da yanğından zərərçəkənlərin dindirilməsində iştirak edib

“Diqlas” ticarət mərkəzində baş verən yanğından zərərçəkən sahibkarların dindirilməsi davam etdirilir.

ONA-nın məlumatına görə, bu gün də bir qrup zərərçəkən sahibkar Bakı şəhəri Nizami rayon Prokurorluğuna gələrək ifadə verib.

Baş prokurorun birinci müavini Rüstəm Usubov da bu gün yanğın baş verən ticarət mərkəzinə baxış keçirib. O, daha sonra istintaqın gedişatına nəzarət etmək üçün Nizami rayon Prokurorluğuna gedib.

Hazırda zərərçəkənlərin dindirilməsi prosesi davam etdirilir.

Qeyd edək ki, Baş Prokurorluq “Diqlas” ticarət mərkəzində baş verən yanğınla bağlı məlumat yayıb. Məlumatda qeyd olunur ki, “Diglas” ticarət mərkəzində baş vermiş yanğınla bağlı başlanmış cinayət işi üzrə Baş Prokurorluq, Fövqəladə Hallar, Daxili İşlər və Vergilər Nazirliklərinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Cinayət işinin icraatı Azərbaycan Respublikası Baş prokurorunun qərarı ilə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə tapşırılıb.

Hazırda cinayət işi üzrə hadisəsinin baş vermə səbəblərinin, sahibkarlara dəymiş ziyanın müəyyən edilməsi, eləcə də cinayəti törətməkdə təqsirli şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Hadisə nəticəsində zərərçəkmiş vətəndaşlardan, eləcə də yanğınla bağlı məlumatlı şəxslərdən Nizami rayon prokurorluğunda yaradılmış Qərargaha - 421-10-02 və Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin 440-78-13 nömrəli telefonlarına zəng etmələri xahiş olunur.

Orxan

Teqlər:

SON XƏBƏRLƏR