Şirvan Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən şəxslərin şikayətinə baxılıb.
ONA-nın Mil-Muğan bürosunun məlumatına görə, hakim Etibar Camalovun sədrliyi ilə keçirilən prosesdə Ədilov Davud Nəcəf oğlu, Ədilov Natiq Nəcəf oğlu və Ədilbəyli Nəcəf Habil oğlunun apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
Qeyd edək ki, 2016-cı il avqustun 18-də Hacıqabul rayonunun Kolanı kəndində əslən həmin kənddən olan Rusiya vətəndaşı, 1970-ci il təvəllüdlü Şirəliyev Cahangir Sərhəd oğlu qan düşmənçiliyi zəminində ata yurdunda 8 nəfər tərəfindən dəmir ling və digər küt alətlərlə döyülərək qətlə yetirilib. Kəllə-beyin travması, bədəninin müxtəlif nahiyələrindən çoxsaylı zərbələr və 4 bıçaq yarası alan C.Şirəliyev hadisə yerində ölüb.
Müəyyən edilib ki, qətli qan düşmənçiliyi zəminində rayon sakinləri, qohumlar - ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşı Ədilov Davud Nəcəf oğlu, Ədilov Natiq Nəcəf oğlu və 17 yaşlı Ədilbəyli Nəcəf Habil oğlu törədib.
Qətlin törədilməsinə səbəb isə qətlə yetirilən şəxsin atası Kolanı kənd sakini, 82 yaşlı Sərhəd Səhət oğlu Şirəliyevin 2015-ci ilin avqust ayında qohumu, 45 yaşlı Habil Nəcəf oğlu Ədilovu ov tüfəngi ilə öldürməsi olub.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cinayət məcəlləsinin 120.2.1, 120.2.4 maddələri ilə Ədilov Davud Nəcəf oğlu 16,5 il, Ədilov Natiq Nəcəf oğlu 17 il və Ədilbəyli Nəcəf Habil oğlunun 16 il azadlıqdan məhrum edilib.