Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun qardaşı Əvəz Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
ONA-nın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə Əvəz Əhmədov son sözlə çıxış edib. O, günahsız olduğunu və ittihamların məhkəmə istintaqında sübuta yetirilmədiyi deyib.
Hakimlər kollegiyası hökm qəbul etmək üçün müşavirəyə gedib.
Müşavirədən qayıdan kollegiya hökmü elan etməyib. Bildirilib ki, istintaq qismən təzələnir və işi aparan müstəntiq məhkəmədə dindirilməlidir. Bu səbəbdən proses saat 17-dək təxirə salınıb.
Qeyd edək ki, ittihama görə, Əvəz Əhmədov Hörmət Əsgərov adlı şəxsi özünə məxsus Sabunçu rayonu ərazisində yerləşən “Park Plyus” əyləncə mərkəzində girov götürərək ondan borcunu tələb edib. H. Əsgərovun qohumu Rəşad Tahirov həmin borcu qaytaracaqlarına dair vəd verdikdən sonra girov sərbəst buraxılıb.
İddiaya görə, Ə.Əhmədov hədə-qorxu ilə R.Tahirovdan 140 min dollar pul alıb. Elan olunmuş ittihamla Ə.Əhmədov özünü günahkar bilməyib.
Ə.Əhmədov Cinayət Məcəlləsinin 182.3.2-ci və 145-ci maddələri ilə ittiham olunur.