Bakı Ağır Cinayətlər Məhkəməsində Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun qardaşı Əvəz Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
ONA-nın xəbərinə görə, Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hakimlər kollegiyası məhkəmə istintaqının təzələnməsi haqda qərarı elan ediblər.
Bundan başqa Bakı şəhər Baş Polis İdarəsinin təhqiqatçısı, polkovnik Şövqi Əhmədovun məhkəmədə dindirilməsi qərara alınıb. Ş.Əhmədov isə ifadəsində zərərçəkənə təzyiq göstərməsi barədə deyilənləri təkzib edib. O, qeyd edib ki, Ə.Əhmədov 140 min dollarının mənimsənilməsi barədə idarəyə şikayət verib, o da məsələni araşdırmaq üçün R.Tahirovu idarəyə çağırıb.
R. Tahirov isə bu polisin ona təzyiq göstərdiyini bir daha təsdiqləyib.
Prokuror yenidən çıxış edərək, sabiq nazirin qardaşına 12 il həbs cəzası verilməsini istəyib. Zərərçəkənlər H.Əsgərov və R.Tahirov təqsirləndirilən Ə.Əhmədovdan şikayətçi olmadıqlarını deyiblər.
Proses martın 18-də davam etdiriləcək.
Qeyd edək ki, Əvəz Əhmədov Hörmət Əsgərov adlı şəxsi özünə məxsus Sabunçu rayonu ərazisində yerləşən "Park Plyus" əyləncə mərkəzində girov götürüb. Hörmət Əsgərovdan ona borclu olduğu pulu tələb edib. Daha sonra isə Hörmət Əsgərovun qohumu Rəşad Tahirov həmin borcu qaytaracaqlarını söz verib və buna görə də Hörmət Əsgərovun sərbəst buraxıb. İttihama görə, Əvəz Əhmədov hədə-qorxu ilə Rəşad Tahirovdan 140 min dollar alıb. Elan olunmuş ittihamla Əvəz Əhmədov özünü günahkar bilməyib. Bildirək ki, sabiq nazirin qardaşı Əvəz Əhmədov hədə qorxu ilə pul tələb etmədə təqsirləndirilir. Zərərçəkmişlər Rəşad Tahirov və Hörmət Əskərovdur. O, hər iki şəxsdən 140 min dolları hədə-qorxu ilə almaqda təqsirləndirilir. Əvəz Əhmədov Cinayət Məcəlləsinin 182.3.2-ci və 145-ci maddələri ilə ittiham olunur. Zərərçəkmişlərdən Hörmət Əskərov Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin Tibb Xidməti rəisi, tibb xidməti polkovniki olub. 2015-ci il dekabr ayında nazir Zakir Həsənov onu vəzifəsindən azad edib.