“Saipem” şirkəti mayın 8-də “İsrafil Hüseynov” gəmisində baş verən partlayışla əlaqədar açıqlama yayıb.
ONA-nın xəbərinə görə, açıqlamada bildirilir ki, 8 May 2019-cu il tarixində saat 18:30 radələrində “Şahdəniz II” layihəsi çərçivəsində “Saipem” şirkətinin Xəzər dənizində boru düzmək üçün istifadə etdiyi “İsrafil Hüseynov” gəmisində partlayış baş verib. Mayın 9-da səhər saatlarında qəzada xəsarət alan “Saipem” şirkətinin 14 işçisi xəstəxanaya çatdırılıb.
Qəza borudüzmə işləri zamanı avadanlığın bir hissəsi üzərində aparılan texniki qulluq əməliyyatları ilə əlaqədar olub. Xəsarət almış 14 nəfərdən 7 nəfəri reanimasiya şöbəsinə yerləşdiriliblər. Xəsarət alan şəxslər Azərbaycan, İtaliya, Böyük Britaniya, Rumıniya, Malayziya və Xorvatiya vətəndaşlarıdır.
Zərərçəkənlərə və onların ailə üzvlərinə şəfqət hissini ifadə edərək, “Saipem” şirkəti yüngül xəsarət alan şəxslərin dərhal vətənlərinə qaytarılmasını təmin etməklə yanaşı, ciddi xəsarət alan digər şəxslərin xüsusi tibbi mərkəzlərə köçürməsini təmin edəcək.
“Saipem” şirkəti enerji və infrastruktur sektorlarındakı başlıca layihələrin mühəndisliyi, qazma və tikinti işləri üzrə aparıcı şirkətdir. O, beş biznes bölməsindən (“Offshore E&C”, “Onshore E&C”, “Offshore Drilling”, “Onshore Drilling” və “XSight”) ibarətdir. “Saipem” şirkəti sifarişçinin tələblərinə cavab vermək məqsədi daşıyan, fərqli bacarıqlar və qabiliyyətlər, yüksək texnologiyalı resurslarla həllər təmin edən qlobal şirkətdir. Milan Fond Birjasının siyahısında olaraq dünyanın 60-dan çox ölkəsində fəaliyyət göstərməklə yanaşı 120 müxtəlif milliyyətdən ibarət 32 min işçi heyətinə malikdir.