Dünən Salyanda idman yarışına gedən məktəbliləri daşıyan mikroavtobusun qəzaya uğraması nəticəsində yaralanan şəxslərdən biri təcili Bakıya gətirilib.
Bu barədə ONA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov deyib.
Onun sözlərinə görə, qəzada yaralanan 2008-ci il təvəllüdlü Adəm Ramazanov Bakıda Neyrocərrahiyyə xəstəxanasında təcili əməliyyat olunub. Ondan böyük ölçüdə epidural hematoma cıxarılıb. Vəziyyəti ağır stabildir.
Qeyd edək ki, mayın 6-da Salyanda idman yarışına gedən gəncləri daşıyan mikroavtobus qəzaya uğrayıb, bir nəfər ölüb.
ONA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistral yolunun Salyan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Şirvan şəhər sakini Samir Əhmədovun idarə etdiyi “Vita” markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb və aşıb. Hadisə nəticəsində gənc idmançılardan biri ölüb, 8 nəfər yaralanıb. Yaralılar Salyan rayon Xəstəxanasına yerləşdirilib.
Mikroavtobusun sərnişinləri Şirvan şəhər İdman Məktəbinin sərbəst güləş üzrə yeniyetmələrdən ibarət komandasının üzvləri olub. Onlar Cəlilabad rayonunda təşkil olunan turnirə qatılmaq üçün gedərkən qəzaya uğrayıblar. Sürücü eyni zamanda komandanın məşqçisidir.
Faktla bağlı araşdırma aparılır.