• HADİSƏ

    16:58 28 mart 2019

Səbail RPİ-nin istintaq şöbəsinin rəisi məhkəmədə ifadə verib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvətə təhrik etmə və dələduzluqda təqsirləndirilən Zakir Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

ONA-nın xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Səbail Rayon Polis İdarəsinin istintaq şöbəsinin rəisi Namiq Qocayev ifadə verib.

O bildirib ki, Elvar Xəlilov həbsdə olan zaman Z.Məmmədov işlə bağlı onun yanına gəlib: "Həmin vaxt işi keçmiş müstəntiq Vüqar Abbasov araşdırırdı. Zərərçəkmişlər hər gün bizə zərərin ödənilməsi ilə bağlı müraciət edirdilər. Zakir Məmmədov bununla bağlı mənimlə görüşdü, dedi ki, işi bağlayaq. Mən isə ona zərərçəkmişlərə dəymiş zərərin ödənilməsinin vacibliyini qeyd etdim".

Məhkəmə prosesi aprelin 8-də davam etdiriləcək.

İttihama görə, Z.Məmmədov Qaradağ Rayon Polis İdarəsində işləyən zaman tanışı, həmin zaman həbsdə olan Elvar Xəlilov ona zəng edib. E.Xəlilov zəng edən zaman həyat yoldaşından 4 min manat pulu götürərək, onunla birgə aparıb Səbail Rayon Polis İdarəsinin sabiq müstəntiqi Vüqar Abbasova verməsini xahiş edib. Z.Məmmədov da onun xahişini yerinə yetirib. Bir müddət keçəndən sonra V.Abbasov iş adamı, "Yeganə" şadlıq sarayının rəhbəri Akif Rəhimovun qəza törətmiş oğlu Rəhim Rəhimovun cinayət işi ilə bağlı vəzifəsindən kənarlaşdırılıb. Daha sonra o, ölkədən qaçıb. E.Xəlilov həbsdən çıxandan sonra Z.Məmmədovdan hüquq-mühafizə orqanlarına şikayət edib.

Z.Məmmədovun barəsində dələduzluq və rüşvətə təhrik etmə maddələri ilə cinayət işi başlanılıb. Məhkəmə qərarı ilə onun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib. E.Xəlilov iş üzrə şahid qismində tanınır.

Xatırladaq ki, E.Xəlilov dələduzluqda təqsirləndirilən Səbail Rayon Polis İdarəsinin müstəntiqinin sabiq köməkçisi Elnur Babayevin cinayət işi üzrə zərərçəkmiş qismində tanınır. Həmin cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar Mikayılovun sədrliyi ilə araşdırılır. Bu iş üzrə iş adamı, "Yeganə" şadlıq sarayının rəhbəri A.Rəhimov da zərərçəkmiş qismində tanınır. E.Babayev A.Rəhimovdan dələduzluq yolu ilə ümumilikdə 52500 manat pul alıb. Həmin pulun qarşılığında isə o, A.Rəhimovun oğlu R.Rəhimovun törətdiyi ölümlə nəticələnən qəza ilə saxta rəy çıxaracağına dair vəd verib.

Teqlər:

SON XƏBƏRLƏR