Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvətə təhrik etməkdə və dələduzluqda təqsirləndirilən Zakir Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
ONA-nın xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlanma Təcridxanasının rəisi Fuad Süleymanov ifadə verib. O deyib ki, Elvar Xəlilov 2017-ci ildə Səbail Rayon Polis İdarəsinin müvəqqəti saxlama təcridxanasında saxlanılıb: "O, telefon vasitəsi ilə mənim yanımda yaxınları ilə danışırdı. Kimlərlə nə danışdığını tam xatırlamıram. Deyəsən pul barədə danışırdı. Yəni dəymiş zərərin qaytarılması barədə. Mən onun danışıqlarını dinləyirdim. Elvar Xəlilov Zakir Məmmədovla orada görüşüb. İstintaqın rəisi də onların yanında olub. Elvar dəymiş zərəri ödəyib, azadlığa çıxmaq istəyirdi. Zakirin gəlişinin məqsədi də ziyanla bağlı idi".
Təqsirləndirilən Z.Məmmədov E.Xəlilovdan pul almadığını söyləyib: "Mən onun pulundan bir qəpik də götürməmişəm. Pulu Elvarın arvadı ilə birgə müstəntiq Vüqara vermişik".
Daha sonra Z.Məmmədovun vəkili vəsatət qaldırıb. O, Səbail Rayon Polis İdarəsinin keçmiş rəisi, hazırda İsmayıllı Rayon Polis Şöbəsinin rəisi Şəmşir Kazımovun məhkəmədə dindirilməsini istəyib. Vəsatət təmin edilməyib.
Məhkəmənin prosesi aprelin 15-də davam etdiriləcək.
İttihama görə, Z.Məmmədov Qaradağ Rayon Polis İdarəsində işləyən zaman tanışı, həmin zaman həbsdə olan Elvar Xəlilov ona zəng edib. E.Xəlilov zəng edən zaman həyat yoldaşından 4 min manat pulu götürərək, onunla birgə aparıb Səbail Rayon Polis İdarəsinin sabiq müstəntiqi Vüqar Abbasova verməsini xahiş edib. Z.Məmmədov da onun xahişini yerinə yetirib. Bir müddət keçəndən sonra V.Abbasov iş adamı, "Yeganə" şadlıq sarayının rəhbəri Akif Rəhimovun qəza törətmiş oğlu Rəhim Rəhimovun cinayət işi ilə bağlı vəzifəsindən kənarlaşdırılıb. Daha sonra o, ölkədən qaçıb. E.Xəlilov həbsdən çıxandan sonra Z.Məmmədovdan hüquq-mühafizə orqanlarına şikayət edib. Z.Məmmədovun barəsində dələduzluq və rüşvətə təhrik etmə maddələri ilə cinayət işi başlanılıb. Məhkəmə qərarı ilə onun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib. E.Xəlilov iş üzrə şahid qismində tanınır.
Xatırladaq ki, E.Xəlilov dələduzluqda təqsirləndirilən Səbail Rayon Polis İdarəsinin müstəntiqinin sabiq köməkçisi Enur Babayevin cinayət işi üzrə zərərçəkmiş qismində tanınır. Həmin cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar Mikayılovun sədrliyi ilə araşdırılır. Bu iş üzrə iş adamı, "Yeganə" şadlıq sarayının rəhbəri A.Rəhimov da zərərçəkmiş qismində tanınır. E.Babayev A.Rəhimovdan dələduzluq yolu ilə, ümumilikdə, 52500 manat pul alıb. Həmin pulun qarşılığında isə o, A.Rəhimovun oğlu R.Rəhimovun törətdiyi ölümlə nəticələnən qəza ilə saxta rəy çıxaracağı vədi verib.