Sosal şəbəkədə şəhid Xudayar Yusifzadə barəsində ironik paylaşım edən Fuad Rəsulzadənin döyülməsi ilə bağlı cinayət işi başlanılıb.
Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov açıqlama verib.
O bildirib ki, yayılan videogörüntü ilə bağlı müvafiq araşdırma aparılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanılıb.
"Bu barədə məlumat daxil olduqdan dərhal sonra istintaq-əməliyyat tədbirləri nəticəsində hadisəni törədən şəxslər müəyyən olunub. Keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törədənlərin şəhid Xudayar Yusifzadənin qardaşı, dayısı və xalası oğlu olduğu müəyyən edilib”.
E. Zahidov qeyd edib ki, saxlanılan şəxslər istintaqa cəlb olunub, dindirilərək izahatları alınıb.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.